Azərbaycan 2 erməni hərbçinin qalıqlarını təhvil verdi

 Azərbaycan 2 erməni hərbçinin qalıqlarını təhvil verdi

2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərdə aparılmış axtarış işlərinin nəticəsində Daşkəsən rayonu istiqamətində Buğdadağ yüksəkliyinin və Kəlbəcər rayonu istiqamətində Dəvə dağının yaxınlığında iki insana aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlanaq götürülmüşdür.

Titul.az xəbər verir ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da məlumat yayıb.

Qalıqların 2022-ci ilin sentyabr ayında Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüş əməliyyatı zamanı həlak olmuş iki Ermənistan hərbçisinə aid olması müəyyənləşdirilmişdir.
Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin genetik araşdırmalar mərkəzində həyata keçirilmiş molekulyar-genetik ekspertiza ilə həmin meyit qalıqlarının itkin düşmüş iki Ermənistan hərbçisinə aid olması öz təsdiqi tapmışdır.

Azərbaycan Respublikası xoşməramlı niyyətini və humanizm prinsiplərinə sadiqliyini növbəti dəfə nümayiş etdirərək 21 iyun 2024-cü il tarixində üçüncü tərəfin və ya hər hansı digər vasitəçinin iştirakı olmadan iki erməni hərbçisinin meyit qalıqlarını Ermənistana təhvil vermişdir.

15:04 - 21 İyun 2024

Xəbər lenti