Parklanma qaydalarının pozulmasına görə YENİ CƏRİMƏLƏR - MƏBLƏĞLƏR

 Parklanma qaydalarının pozulmasına görə YENİ CƏRİMƏLƏR - MƏBLƏĞLƏR

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr müəyyən edilir.

Titul.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə iyirmi manat məbləğində cərimə edilir.

Parklanma yerində müvafiq yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda iyirmi manat məbləğində cərimə edilir.

Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə altmış manat məbləğində cərimə edilir.

Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə iyirmi manat məbləğində cərimə edilir.

Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə iyirmi manat məbləğində cərimə edilir.

Enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə iyirmi manat məbləğində cərimə edilir.

Velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə on manat məbləğində cərimə edilir.
Xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə qırx manat məbləğində cərimə edilir.

Qeyd edək ki, bu Məcəllənin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət nəqliyyat vasitəsi parklanma yerindən ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində çıxarılmadıqda yaranır.

Bizi Teleqramda İZLƏYİN

11:01 - 12 İyun 2024

Xəbər lenti