Albaniya yığmasının baş məşqçisi Silvinyo komandasının Avro-2024-ə hazırlıq çərçivəsində sabah Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq oyunundan əvvəl mətbuat konfransı təşkil edib.
Titul.az qol.az-aistinadən xəbər verir ki, mütəxəssis millimizə qarşı matçda oyun təcrübəsi az olan futbolçulara şans vermək istədiyini deyib:
“Avropa çempionatına hazırlaşırıq və təqvimə əsasən, turnirə qədər 2 yoldaşlıq görüşü keçirəcəyik. Avro-2024-ə hazırlaşmaq üçün çox vaxtımız yoxdur. Yoldaşlıq görüşləri də daxil olmaqla cəmi 7 günümüz var. Avro-2024-ün İtaliya ilə matçına hazırlaşırıq. Amma bu matçda komandanın necə oynayacağını deyə bilmərəm. Hələ bir neçə gün var. Biz Azərbaycanla oyunda xüsusən az oyun şansı olan futbolçularımıza şans verməliyik və oyunçuların yeni taktikaları sınamağına şərait yaratmalıyıq. Milli komanda üçün bu, çox dinamik, sürətli prosesdir. Azərbaycanla yoldaşlıq oyunundan sonra İtaliya ilə ilk matça yaxşı hazırlaşmaq, hər şeyi dəyərləndirmək və təhlil etmək üçün imkanımız olacaq".
Silvinyo Azərbaycan millisinin çox yaxşı komanda olduğunu dilə gətirib: "Avro-2024-dən əvvəl müdafiə baxımından daha çox işləmək istəyirik. Xüsusən də Azərbaycanla sabahkı oyunda. Bu, bizim üçün çox yaxşı fürsətdir. İtaliya ilə matç məni narahat edir. Çünki onlar çox güclü rəqibdirlər. Avro-2024-də temp çox yüksək olacaq. İlk oyunumuza hələ 7-8 gün var. İndi sabahkı matçı, Azərbaycan kimi yaxşı komandaya qarşı keçirəcəyimiz çətin yoldaşlıq oyununu düşünürük. Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər. Bu oyundan sonra həm fərdi, həm də komanda olaraq analizlər aparacağıq. Bu yoldaşlıq görüşləri bizə harada olduğumuzu görmək imkanı verəcək və qarşıdakı matçlara hazırlaşmaq baxımından çox kömək edəcək”.
Qeyd edək ki, sabah Macarıstanda keçiriləcək Albaniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
17:48 - 6 İyun 2024