Azərbaycanda bu xəstəliklər tibbi sığortaya CƏLB OLUNUR - Müalicələri pulsuz olacaq

 Azərbaycanda bu xəstəliklər tibbi sığortaya CƏLB OLUNUR - Müalicələri pulsuz olacaq

Ürək damarlarında yaranmış tıxanıqlığı aradan qaldırmaq üçün stentləşmə əməliyyatı (angioplastika) icra olunur. Ürək stentlərinin iki əsas növü var - dərman ifraz etməyən və dərman ifraz edən stentlər. 

Hər iki növ stentin taxılması icbari tibbi sığorta ilə ödənişsizdir. Stentin qoyulması barədə qərar pasiyentin tibbi vəziyyəti, damarın darlığının dərəcəsi və digər amillər əsasında həkim tərəfindən verilir.

Kəskin miokard infarktı, stenokardiya kimi ürəyin işemik xəstəlikləri koronar damarlara stentin qoyulması üçün əsas göstərici hesab olunur. Bu hallar hərəkət və fiziki aktivlik zamanı döş qəfəsində ağrı, təngnəfəslik və ya yorğunluq kimi ümumi simptomlarla müşahidə olunur.

Xəstəliyin diaqnostikası üçün əməliyyatdan əvvəl təyin olunan exokardioqrafiya (ExoKQ), elektrokardioqrafiya (EKQ), USM, holter monitorinq, tredmil test, koronaroqrafiya, aortoqrafiya, koronar arteriyalarda damardaxili təzyiqin ölçülməsi kimi funksional diaqnostik, rentgenoloji müayinələr və laborator analizlər icbari tibbi sığorta ilə ödənişsiz aparılır.

Əməliyyat zamanı reanimasiya, stasionarda yatış və bu zaman istifadə olunan dərman, tibbi sərf, həmçinin zəruri müayinələr icbari tibbi sığorta ilə qarşılanır.

Həmçinin pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir. 

Qeyd edək ki, stentin qoyulması əməliyyatı Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) göndəriş əsasında icra olunur. 

Məlumat üçün bildirək ki, stent bədənin müxtəlif hissələrindəki tıxanmış və ya daralmış damarların açılması və qan dövranının yaxşılaşması üçün yerləşdirilən və xüsusi materialdan hazırlanmış nazik borudur. Bu tıxanmalar ürək əzələsini oksigenlə zəngin qanla təmin edən koronar arteriyaların daxili divarlarında yağ yataqlarının, xolesterin və digər maddələrin yığılması nəticəsində yaranır. Ürəyin işemik xəstəliyinin müalicəsi məqsədi ilə koronar arteriyalara yerləşdirilən stentlər vasitəsilə ürək əzələsinə qan axını bərpa edilir və infarktın qarşısı alınır. 

Azərbaycanda başqa hansı tibbi prosedurların bu paketə daxil edilməsinə ehtiyac və tələbat var? Bu paketin tərtib olunması nəyə əsasən aparılır?

Titul.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa referans.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bütün növ tibbi prosedurların icbari tibbi sığortaya daxil olması nəzərdə tutulub.

“Hesab edirəm ki, bu addım olduqca təqdirəlayiqdir. Çox sayıda insanın bu əməliyyatı həyata keçirməsi üçün imkanlar yaranıb. Bu sahədə daha ciddi işlərin görülməsi, daha böyük addımların atılması vacibdir. Digər tibbi xidmət növlərində də bu addımların atılması gözlənilir. Belə olan halda xeyli vətəndaşın işi yüngülləşəcək”.

Tanınmış həkim, professor Adil Qeybulla isə qeyd edib ki, icbari tibbi sığortaya cəlb olunan tibbi prosedurların siyahısı günü-gündən genişlənməkdədir.

“Ürək-damar, neyrocərrahiyə və digər sahələr icbari tibbi sığorta paketinə daxildir. Zamanla onkoloji xəstəliklərin, şəkərli diabetin və digər xəstəliklərin də bu paketə daxil olması mümkün olacaq. Sadəcə olaraq mürəkkəb ürək əməliyyatlarının və kiçik invazif kardioloji prosedurların bu paketə daxil edilməsi istənilən halda alqışlanan addımdır. Çünki təəssüflər olsun ki, əvvəlki dövrlərlə müqayisədə artıq daha erkən yaşdan ürək-damar xəstəliklərinin sayı artmaqdadır və mübadilə pozuntuları nəticəsində damar tıxanması halları çoxdur. Bu baxımdan da icbari tibbi sığorta paketinə daxil olan, getdikcə geniş vüsət alan, paketi dolduran bütövlükdə ayrı-ayrı xəstəliklər üzrə prosedurlar, əməliyyatlar, manipulyasiyalar, diaqnostik kriteriyalar hamısı vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edəcək”.

19:36 - 5 İyun 2024

Xəbər lenti