Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əməkhaqqının 50 faizi məbləğində təqaüd veriləcək.
Titul.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Məşğulluq haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Sənədin arayış hissəsində qeyd edilir ki, peşə hazırlığına cəlb olunmuş şəxslərə təqaüd məbləğinin minimum əməkhaqqının 50 faizi məbləğində müəyyən olunması ilə bağlı 29-cu maddəyə dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, ölkə üzrə minimum aylıq əməkhaqqının hər il artırılması qeyd olunan təqaüd məbləğinin də artmasına gətirib çıxarır. Bu isə sui-istifadə halları yaradaraq, işlə təmin edilmə imkanları olan şəxslərin ehtiyac olmadığı halda peşə hazırlığına üstünlük vermələri ilə nəticələnməklə, peşə hazırlığına həqiqətən ehtiyacı olan şəxslərin bu imkandan istifadə etmələrinə əngəl yaradır.
Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024‒2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nda işğaldan azad edilmiş ərazilərdə məskunlaşan 12 min nəfərin 2026-cı ilədək peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulub.
Bu dəyişiklik qəbul ediləcəyi təqdirdə qalan vəsait hesabına işğaldan azad edilmiş ərazilərdə daha çox şəxsin peşə hazırlığının təşkili mümkün olacaqdır.
11:05 - 3 İyun 2024