Ötən il martın 28-də Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahdan atəş açılaraq terror aktı törətməkdə təqsirli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Titul.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Səbuhi Şirinovun vəkili Elçin Sadıqov iş üçün əhəmiyyət kəsb edən bir neçə video-linkin cinayət işi üzrə sənədlərə əlavə edilməsi barədə vəsatət verib.
Hakim heyəti video linklərin işə əlavə edilməsi ilə bağlı vəsatəti təmin edib.
Daha sonra Fazil Mustafa nümayəndəsi vasitəsilə məhkəməyə müraciət ünvanlayıb. Nümayəndə həmin müraciəti məhkəməyə təqdim edib. Hakim Elnur Nuriyev həmin məktubu məhkəmə zalında elan edib. Deputat müraciətdə uzun illərdir siysətlə məşğul olduğunu, baş verən terorun onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib:
"Dövlətimizin müstəqilliyini qazanmasında müstəsna rol oynamışam. 2003-cü ildən Böyük Quruluş Partiyasının sədriyəm. Bundan başqa 2005-ci ildən 4 çağırışdır millət vəkiliyəm. 28 kitab yazmışam. Fəlsəfə üzrə fəlsəfə doktoruyam. Özüm də dini inancları olan biriyəm. Baş verən teror aktının mənim siyasi fəaliyyətimlə və dünya görüşümlə bağlı olduğunu düşünürəm. İş üzrə dindirilmişəm. Mənə qarşı terror edən şəxsləri tanımıram. Ölkəmizdə terorçuluq fəaliyyəti həyata keçirmək istəyən erməni-iran terorçularına qarşı çıxışlarım olub. Xatırlasaq, ötən il Azərbaycanın İrandakı səfirliyinə teror aktı törədilmişdi. Bütün bu olanların əsas məqsədi ölkəmizdə din pərdəsi altında əmin amanlığı, sabitliyi pozmaqdır".
Bundan sonra prosesdə təqsirləndirilən şəxslərdən Rəşad Əhmədovun ibtidai istintaqa 15 may 2023-cü ildə verdiyi ifadəsi elan edilib. Rəşad Əhmədov həmin ifadəsində göstərib ki, 20 ilə yaxındır şiə təriqəti üzrə ibadət edir:
"Azər Səricanov ilə 2022-ci ildə ehsan məclislərinin birində əqidə yoldaşımlz Emil Əliyev vasitəsilə tanış oldum. İlk görüşlərində Azər Səricanov mənə kərə yağı satdığını və satmaq üçün mənə də yağ verə biləcəyini söylədi. Mən də Azərlə razılaşaraq hər 10-15 gündən bir ondan yağ alaraq satışı ilə məşğul olmuşam. Bu minvalla aramızda yaxın münasibətlər yarandı. Tez-tez görüşərək söhbət etdik. Söhbət zamanlarında Azər mənə İslam dinindən və deputat Fazil Mustafanın dinlə bağlı çıxışlarına görə ondan narazı qaldığını bildirdi. Hətta çox vaxt Fazil Mustafaya qarşı çox aqressiv ifadələr işlədirdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin yanvarında kərə yağı almaq üçün Azərin Xocəsən qəsəbəsində yerləşən evinə gedib:
"Evdə çay içdik və söhbətləşən zaman Azər mənə silah verəcəyini bildirdi. Həmin silahı saxlamağımı xahiş etdi, sonra məndən götürəcəyini dedi. Mən Azərə öz razılığımı bildirdim. Sonra Azər otaqdan çıxdı və 3-4 dəqiqədən sonra əlində qara rəngli idman çantası ilə otağa qayıtdı. İdman çantasının içindən qızılı rəngdə tapançanı çıxararaq mənə göstərdi. Tapançanın üstündə olan darağında 7 ədəd patron da vardı. Bundan başqa idman çantasının içində 2-3 ədəd kağız qutuda avtomat patronları, 2-3 ədəd digər kağız qutularda isə tapança patronları da vardı. Azər silahı göstərdikdən sonra onu yenidən çantaya qoydu və mənə verdi. Mən də silahı və patronları ondan götürərək özümə məxsus olan avtomobilinin yük yerinə qoydum. Sonra yaşadığım Qaradağ rayonu, “Ümid” qəsəbəsindəki evə gəldim. Silahı evdə dolabda gizlin saxladım. Təxminən 10-15 gün keçəndən sonra yenidən Azərlə öz evində görüşdük. Söhbət əsnasında Azər yenə də fazil Mustafanı sərt tənqid edərək, onu öldürəcəyini bildirdi. Mənə Fazil Mustafa haqqında məlumatlar toplamağı tapşırdı. Həmin vaxt başa düşdüm ki, Azər mənə verdiyi silahı Fazil Mustafanı öldürmək üçün əldə edib. Bundan sonrakı günlərdə Fazil Mustafanın facebook sosial şəbəkəsində olan səhifəsindəki paylaşmılarını izlədim, onları Azərə göndərdim".
Rəşad Əhmədovun ifadəsinə görə, 2023-cü ilin yanvarın sonlarında ziyarət məqsədilə İranın Qum şəhərində olarkən həmi şəhərdə yaşayan, Suriyada qanunsuz silahlı dəstələrin tərkibində fəaliyyət göstərdiyinə görə axtarışda olan uşaqlıq dostu Valeh İsmayılov ilə otelində görüşüb:
"Görüş zamanı Valeh İsmayılova Azər Səricanov barəsində məlumat verdim və onun Fazil Mustafanı öldürmək istədiyini dedim. Valeh Azərin bu fikirlərini müsbət qarşıladı və Azər bu hadisəni törədərsə, ona maddi dəstək verəcəyini ifadə etdi. Valehdən pulun məbləği barədə soruşdum. Valeh mənə bir söz deməyərək oteldən ayrıldı. 4-5 saat keçəndən sonra geri qayıdaraq Fazil Mustafanın öldürülməsini həyata keçirmək üçün mənə 30 min ABŞ dollar pul verdi. Cinayəti törədənlərə İranda sığınacaq verilə biləcəyini söylədi. Həmin görüşdə Valeh İsmayılov mənə Bakı şəhəri, Səngəçal qəsəbəsi ərazisində yerləşən hərbi strateji obyektlərin görüntülərini çəkərək ona verməyimi tapşırdı və bunun müqabilində 1500 ABŞ dollar, yol pulu olaraq əlavə 500 ABŞ dollar verdi. Mən 5-6 gün Qum şəhərində qaldıqdan sonra Bakıya qayırdım. Azər Səricanovla görüşdüm və ona Valehin Fazilin öldürülməsi üçün 30 min ABŞ dollar verdiyini bildirdi. Azər isə gülərək bu məbləğin deputatın öldürülməsi üçün az olduğunu qeyd etdi, onsuz da Fazili öldürəcəyini söylədi. Azər Səricanovdan Fazil Mustafanı nə vaxt öldürəcəyini soruşdu. O da bu istiqamətdə işlər gördüyünü dedi".
Təqsirləndirilən şəxs əlavə edib ki, Bundan sonra Valeh İsmayılovun tapşırığına uyğun olaraq 2023-cü ilin fevralında mobil telefonu vasitəsilə Qaradağ rayonu ərazisində yerləşən bir neçə hərbi hissələrin, Səngəçal terminalının və digər strateji obyektlərin koordinatları görünmək şərti ilə çoxsaylı ekran görüntülərini çəkib:
"Həmin görüntüləri Valehə vermək üçün telefonunun yaddaşında saxladı. 28 mart 2023-cü ildə sosial şəbəkələrdən Fazil Mustafanın güllələnməsi xəbərini eşitdim. Bu xəbərdən 1 saat sonra Azər Səricanov zəng edərək məndən hal-əhval soruşdu. Azərin mənə nə demək istədiyini anladım. Səhəri gün görüşmək barədə razılaşdıq. Ertəsi gün axşam saatlarında Azər Səricanov zəng edərək yaşadığım evə gəldi. Evdə söhbət zamanı Azər bir gün əvvəl Fazil Mustafanı güllələdiyini dedi. Lakin bu hadisəni kiminlə və necə törətməsini bildirmədi. Bundan sonra yaşadığı evdə saxladığım 30 min ABŞ dolları Azər Səricanova verdim. Azər həmin pildan 1500 ABŞ dollarını sayaraq özümə qaytardı. Əvvəl mənə verdiyi silahın isə hələ bir müddət də məndə qalmasını xahiş etdi".
Rəşad Əhmədov qeyd edib ki, 2 aprel 2023-cü ildə Fazil Mustafanı güllələyən şəxslərin tutulduğunu eşidib və aprelin 3-də Sahil qəsəbəsində yaşayan tanışı Xəyyam Musayevə zəng edib, onunla görüşmək istədiyini söyləyib:
"Xəyyam mənə öz evində olduğunu bildirdikdən sonra Azərin verdiyi tapança və patronları götürdüm və Xəyyamın yaşadığı evin qarşısına gəldim. Orada Xəyyam ilə görüşdüm. Özüm ilə gətirdiyim tapança və patronları bir müddətliyinə saxlaması üçün Xəyyam Musayevə verdim. Xəyyam bunun səbəbini soruşdu. Xəyyama xaricə gedəcəyimi, gələnə qədər həmin silah və patronların onda qalmalı olduğunu bildirdim. Xəyyam da həmin silah və patronları məndən götürdü və özündə saxladı. Bundan sonra öz evimə qayıtdım. Azər Səricanovun tutulmasından sonra özümün də tutulacağından qorxduğum üçün Qum şəhərinə getdom və Valeh İsmayılovla bu barədə məsləhət aparmaq qərarına gəldim. Sahil bağının yanındakı aviakassaların birində işləyən tanışım Mirəkbərin köməkliyi ilə İstanbula bilet aldım və aprel ayının 3-də əvvəlcə istanbula, oradan isə İranın Qum şəhərinə getdim. Orada Valeh İsmayılovla görüşdüm. Valeh İsmayılova Fazil Mustafanın güllələndiyini, 30 000 ABŞ dollarını Azər Səricanova verdiyimi bildirdim. Valeh İsmayılov Azərin və cinayəti törədən digər şəxslərin tutulmasına görə pis olduğunu, mənim üçün isə narahatçılığın olmamasını, Azər adımı verməzsə heç bir problem olmayacağını söylədi. Valeh mənə Azərbaycana qayıtmağımı, ailə üzvlərimi də götürək Qum şəhərinə gətirmıyimi təklif etdi. Mən isə bir müddət Qumda qalacağımı, Azərbaycana gedib-getməməyimi sonra müzakirə edəcəyimi dedim. Valehin mənə verdiyi tapşırıq əsasında Qaradağ rayonu ərazisində çəkdiyi m hərbi strateji obyektlərin koordinatları olan şəkilləri telefonumda olan proqram vasitəsilə Valehin telefonuna göndərdim. Valeh də bunun müqabilində 800 ABŞ dollar verdi. Mən 9-10 gün müddətində Qum şəhərində oteldə qaldım. Tez-tez həyat yoldaşım və atası ilə danışdım. Mıni kiminsə soruşub-soruşmaması ilə maraqlandım. Bundan sonra Bakı şəhərinə qayıtmaq qərarına gəldim. Bu barədə Valeh İsmayılova bildirdim. O da qayıtmamağımı tövsiyyə etdi. Lakin mən Bakıya qayıtdım. Bakıya gələndən sonra Xəyyam Musayevlə əlaqə saxlayaraq ona verdiyim silah və patronları qaytarmasını tələb etdim. Lakin Xəyyam mənə silah və patronları dənizə atdığını söylədi".
Daha sonra digər təqsirləndirilən Səbuhi Şirinovun 15 dekabr 2023-cü ildə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, həmin ifadəsində Fazil Mustafaya qarşı deyil, onun əyləşdiyi avtomobilə atəş açdığını deyib. O, atəş açarkən isə həmin cinayəti Fazil Mustafanın ictimai və siyasi fəaliyyətinə görə ondan qisas almaq niyyəti, o cümlədən onu öldürmək niyyəti ilə törətmədiyini qeyd edib. Qeyd edib ki, həmin cinayəti pul vəsaitləri müqabilində törədib.
Təqsirləndirilən Səbuhi Şirinov məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib.
Digər təqsirləndirilən şəxslər - Elşad Əsgərov və Emin Əliyarov isə istintaqa verdikləri ifadələri təsdiq ediblər. Onların istintaq zamanı verdiyi ifadələr elan olunmuş sayılıb.
Daha sonra hakim Elnur Nuriyev cinayət işində olan sənədlərin tədqiqi mərhələsinə keçdiyini deyib.
Növbəti proses mayın 31-də davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sərucanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.
12:16 - 25 May 2024