Son illər müxtəlif sahələrdə sertifikatlaşdırma prosesi həyata keçirilir.
Belə ki, müəllimlər, tibb işçiləri sertifikasiya imtahanına cəlb edilirlər. Təkrar sertifikasiyadan keçməyən müəllimlərin əmək müqaviləsinə xitam verilir. Tibb işçilərinin də növbəti sertifikasiya imtahanı gözlənilir.
Bəs sertifikasiyadan keçə bilməyən səhiyyə işçiləri təkrar imtahana cəlb edilirlərmi, yoxsa ilk sertifikasiyadan keçə bilmədikdə əmək müqaviləsinə xitam verilirmi?
Titul.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyindən “Cebhe.info”-nun sorğusuna cavab olaraq bildirilib ki, Sertifikasiya Komissiyasından verilən məlumata görə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 46 maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil alan şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilən qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər:
“Yuxarıda qeyd edilən qanunun 49-1. maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb işçilərinin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi ilə qanununda nəzərdə tutulmuş qaydada sertifikasiya imtahanına cəlb edilirlər. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1. maddəsinə əsasən Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.
Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan ərazisində tabeçilik və mülkiyyət formasından asılı olmayaraq praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan bütün ali və orta ixtisaslı mütəxəssislər sertifikasiya imtahanına cəlb edilməlidirlər. Hazırda, keçirilən imtahanlarda mülki tibb işçiləri, güc strukturlarının tibb heyəti, o cümlədən ölkəmizdə praktik tibb fəaliyyətini həyata keçirən əcnəbilər və vətəndaşlığı olmayan tibb mütəxəssisləri sertifikasiya imtahanında iştirak edirlər.
İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplayan şəxslər sertifikasiyadan keçən hesab olunurlar”.
Qeyd olunb ki, imtahandan keçid balını toplaya bilməyən şəxslər 6 ay müddətində müvafiq təkmilləşmə kursunda iştirak etdikdən sonra təkrar imtahana cəlb olunurlar:
“Sertifikasiya imtahanından təkrarən keçid balını toplaya bilməyən tibb işçiləri ilə bağlanan əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
Məlumat üçün diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 215.4. maddəsinə əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir”.
10:03 - 23 May 2024