Azərbaycanla əldə olunmuş razılaşmaları sülh müqaviləsinə daxil etməyin və müqaviləni imzalamağın vaxtı çatıb.
Titul.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışında deyib.
"Bu yaxında Azərbaycanla dövlətlərarası sərhədlərimizin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında delimitasiyasının başlaması barədə razılaşma əldə etdik. Sərhədlərin delimitasiyasının başlaması 2022-ci il oktyabrın 6-da Praqada keçirilən tarixli dördtərəfli görüşdə əldə edilmiş razılaşmaların icrasıdır. Artıq bu razılaşmaları sülh sazişinə daxil edərək onu imzalamağın vaxtı çatıb", - o deyib.
Xatırladaq ki, 10-11 may 2024-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb.
Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri "Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.
İki dövlətin ekspert qruplarının işi davam edir.
16:29 - 14 May 2024