“Neftçi”nin növbəti mövsüm üçün anlaşdığı deyilən nigeriyalı futbolçu Akinkunmi Amoo ilə bağlı maraqlı detallar üzə çıxıb.
Titul.az futbolinfo.az-a istinadən xəbər verir ki, 22 yaşlı vingerin tez-tez klub dəyişdirməsinin səbəbi heç də futbol meydanlarındakı performansı deyil.
İlk peşəkar klubu olan “Hammarbü”də parlaq çıxışı sayəsində diqqətləri üzərinə çəkən oyunçu 2022-ci ilin yanvarında böyük ümidlərlə Danimarka “Kopenhagen”inə transfer olunub. Lakin “Kopenhagen” 4,3 milyon avroya aldığı hücumçudan xeyir görə bilməyib.
Əvvəlcə çarpaz bağı qopduğu üçün futboldan uzaq düşən Amoo, ötən ilin iyun ayında cinsi təcavüzə görə məhkum edilib. Məhkəmə onunla bağlı 1 illik həbs qərarı verib, ardından ölkədən deportasiyası barədə hökm oxunub. Hətta qərarda o da vurğulanıb ki, futbolçunun 6 il müddətinə Danimarkaya girişi qadağan edilsin.
İlyarım ərzində “Kopenhagen”in əsas komandasında cəmi 4 matçda meydana çıxan Nigeriya millisinin sabiq üzvü üçün ötən ilin yayında “Omoniya”dan gələn təklif göydəndüşmə olub. Halbuki həmin ərəfədə o, karyerasını bitirmək barədə də düşünürmüş. Kipr klubu Amoo ilə uzunmüddətli müqavilə bağlasa da, hücumçunun oradakı karyerası da uzun sürməyib. “Omoniya”da cəmi 6 oyunun iştirakçısı olan Akinkunminin uzunmüddətli müqaviləsinə bu ilin martında klub tərəfindən xitam verilib. Rəhbərlik isə bunu şəxsi səbəblərlə əlaqələndirib. Görünür, Amoo Kiprdə də özünü yaxşı aparmayıb. Sadəcə, klub onun davranışını ictimaiyyətə yaymaq istəməyib.
Qeyd edək ki, “Neftçi”nin Akinkunmi Amoo ilə 4 illik müqavilə imzalaması gözlənilir. Klub xəbəri təsdiqləməsə də, futbolçunun Bakıdakı məşqdə çəkilmiş fotosu xəbərin doğruluğu üçün kifayət edir.
14:05 - 4 May 2024