Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb.
Titul.az xəbər verir ki, elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür.
Şəhər sakinləri bildiriblər ki, son illər Xırdalanda əhalinin sayının dəfələrlə artması müəyyən problemlərə yol açıb. Buna görə də sakinlər digər ərazilərə köçməyə can atırlar.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev son vaxtlar Xırdalanda satışa çıxarılan evlərin artmasını bir neçə amillə əlaqələndirib.
Ekspert qeyd edib ki, əmlak bazarında əsasən fərdi yaşayış evlərinin satışı üstünlük təşkil edir. Buna təsir edən əsas səbəblərdən biri də vətəndaşların mənzillərə çıxarış əldə edə bilməməsidir.
Elnur Fərzəliyev əlavə edib ki, fərdi yaşayış evlərinin daha çox satışa çıxarılması həm də mövsümlə əlaqədardır. Onun sözlərinə görə, Xırdalanda evlərin kütləvi satışa çıxarılması qiymətlərin bir qədər ucuzlaşmasına səbəb ola bilər.
Ətraflı Xəzər Xəbərin süjetində:
10:48 - 1 May 2024