Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada kişi ana və atasını qətlə yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışırmış. Ailə arasında ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb.
Titul.az xəbər verir ki, Baku TV-yə danışan qonşu qadın bir neçə ildir qonşu olduqlarını bildirib:
"Fikrət Mehriban və sakit uşaq idi. Ailəliklə mehriban adamlar idi. Biz ancaq kömək elə səsini eşitdik. Amma gələndə gec idi".
Qeyd edək ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Fikrət Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
11:40 - 19 Aprel 2024