Azərbaycanda bu maşınlar kəskin ucuzlaşdı - Satmaq istəyənlər isə 3 dəfə artdı

 Azərbaycanda bu maşınlar kəskin ucuzlaşdı - Satmaq istəyənlər isə 3 dəfə artdı

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.

Titul.az Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında qərarda əksini tapıb.

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir.

Bu qərar taksi fəaliyyəti ilə məşğul olan və 15 ildən artıq müddəti keçən avtomobil nəqliyyatı vasitələrinin qiymətinə necə təsir edəcək?

Yeni qərardan sonra elan saytlarında "Prius"ların satış elanları kəskin artıb.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elnur Sərdarlı bildirib ki, taksi fəaliyyəti ilə məşğul olanlar, əsasən, "Toyota Prius" markalı avtomobillərdən istifadə edir.

"Yeni qərardan sonra elan saytlarında "Prius"ların satış elanları kəskin artıb. Dünən elan saytlarında 443 "Prius" markalı avtomobil satışa çıxarılmışdısa, artıq bu saata olan məlumata görə, avtomobillərin sayı 1200-dür. Satışa çıxarılan "Prius"ların 95%-i 2008-ci ilə qədər olan avtomobillərdir.

 

Ümumiyyətlə, taksi fəaliyyətində istifadə edilən "Prius"ların 60%-nin buraxılış tarixindən 15 ildən artıq vaxt keçib. Bu da təqribən 30 min avtomobil edir. Hazırda dünənə qədər 12,500 manata satılan "Prius"ları 10500-10000 manata almaq olur. Qiymətlərin daha da ucuzlaşması gözlənilir", - deyə o qeyd edib.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər isə bildirib ki, buraxılış tarixindən 15 ildən artıq müddəti keçən "Prius"ların qiyməti ucuzlaşa bilər.

"Lakin bu avtomobillərin qiymətinin kəskin ucuzlaşacağını düşünmürəm. Bir zamanlar bu markalı avtomobillər ölkəmizə çox daşınıb. Onların içində yararlı və yararsız avtomobillər də olub. Əgər taksilərin sayı kəskin azalacaqsa, bu zaman fərdi nəqliyyat vasitələrindən istifadə də artacaq. Bundan başqa, ictimai nəqliyyatın avtobus, metro seqmenti gücləndirilməsə paytaxtımız avtomobilləməyə meyilli olacaq. Belə də yenə nəqliyyat vasitələrinə tələbat artacaq. Bir reallığı da nəzərə almaq lazımdır ki hər adam yeni avtomobil ala bilmir".

Ekspert bildirib ki, taksilərlə bağlı tələblər bu il yanvar ayının 1-dən elan edilməli idi.

"Dövlət sosialyönümlü siyasətini davam etdirərək, taksi fəaliyyəti ilə məşğul olan şəxslərə bir qədər möhlət verdi. Düşünürəm, bu doğru addımdır. Taksidə peşəkar adamlar çalışmalıdır", - deyə ekspert qeyd edib.

11:21 - 29 Mart 2024

Xəbər lenti