Azərbaycanda bu ilin fevralında ərzaq qiymətlərində nadir görünən fakt qeydə alınıb.
Titul.az xəbər verir ki, fevralda ərzaq qiymətləri bir il əvvəlki tarixlə müqayisədə 0,3 faiz azalıb.
Adətən ərzaq qiymətlərinin azalması təcrübəsinə yay aylarında rast gəlirik. Yay aylarında mövsümi amillərin təsiri ilə ərzaq məhsulları bir neçə ay ucuzlaşır. Amma yay aylarında baş verən ucuzlaşma illik müqayisədə yox, aylıq müqayisədə baş verir. Yayda da illik müqayisədə ərzaq qiymətləri yüksəlir.
2024-cü ilin fevralında qeydə alınan fakt az-az rast gəlinən haldır.
Bəs bu ilin fevralında hansı ərzaq mallarında ucuzlaşmanın olması ümumən ərzaq qiymətlərinin enməsinə səbəb olub?
Rəsmi məlumatlara əsasən, bu ilin fevralında ötən ilin fevralı ilə müqayisədə bir neçə ərzaq məhsulu ucuzlaşıb. Daha çox ucuzlaşma əsas ərzaq məhsulu olan tərəvəzlərdə qeydə alınıb. Tərəvəzlərin qiyməti son bir ildə 11,7 faiz azalıb. Yəni bir il əvvəl 100 manata alınan tərəvəzlər üçün hazırda 88,3 manat ödəmək kifayət edib.
Əsas tərəvəz məhsullarından ağ kələmin qiyməti 66 qəpikdən 50 qəpiyə, şirin bibər 3 manatdan 2,4 manata, badımcanın dəyəri 4,3 manatdan 2,4 manata, baş soğanın qiyməti 1,3 manatdan 1 manata, kartofun qiyməti 1,5 manatdan 0,95 manata, quru noxudun dəyəri 5,4 manatdan, 4 manata düşüb.
Mühüm ərzaq məhsullarından kərə və bitki yağları da ucuzlaşıb. Yağların ümumi qiymət səviyyəsi bir il ərzində 6,9 faiz azalıb.
Ucuzlaşan əsas ərzaq məhsulları arasında çörək və çörək məmulatları da var. Bu mal qrupunda qiymətlərdə 4,8 faiz enmə baş verib.
Adıçəkilən əsas qida məhsullarının qiymətində enmə ümumən ərzaq məhsullarında illik müqayisədə ucuzlaşmaya səbəb olub.
11:22 - 16 Mart 2024