Sosial şəbəkələrdə “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında azyaşlını itin parçalaması barədə görüntülər yayılıb.
Titul.az xəbər verir ki, məsələ barədə Trend TƏBİB-ə sorğu ünvanlayıb.
Bildirilib ki, 03.03.2024-cü il tarixində saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
"Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir", - deyə bildirilib.
11:59 - 4 Mart 2024