Titul.az kulis.az-a istinadən mərhum diktorun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.
Rafiq Əyyub oğlu Hüseynov 1946-cı il avqustun 4-də Şuşa şəhərində anadan olub. Sonradan ailəsi ilə birgə Bakıya köçüb. Atasını çox erkən yaşda itirib. Həmin vaxt Rafiqin 15, bacısının 17 yaşı varmış.
Anası müharibə illərində hakim işləyib. Həyat yoldaşı dünyasını dəyişəndən sonra pedaqoji fəaliyyəti ilə çörək qazanıb övladlarını saxlayırmış. Rafiqi işləməyə qoymayıb ki, nə qədər sağam, siz oxuyacaqsınız.
Ceyhun Mirzəyevlə bir sinifdə oxuyublar.
Onu da Ceyhun Mirzəyevlə birgə "Ögey ana" filminə dəvət ediblərmiş, ancaq atası icazə vermədiyi üçün Rafiq filmdə iştirak etməyib.
Beşinci sinfə qədər əlaçı, sonra ortabab oxuyan Rafiq tar məktəbinə də gedib. Televizora ilk dəfə musiqi məktəbi şagirdlərinin konsertində tarzən kimi çıxıb. "Çahargah" çaldığı yerdə tarın sarı simi qırılıb. Məktəbi qurtarandan sonra tarı atır, anası kimi hüquqşünas olmaq istəyir:
"Orda vəziyyətdən çıxdım, amma heç ağlıma da gəlməzdi ki, bu bir işarədir, sonradan ekran taleyimdə çox qırılacaqdı sarı simlər, dəfələrlə təkrar olunacaqdı".
Bacısı Rəfiqə televiziyada işləyirmiş. Onun köməyi ilə Azərbaycan Televiziyasına gəlir. Yalandan televiziyaya vurğun olduğunu söyləyir. "Nə iş versəniz, işləyəcəm" deyir və onu işıqçı kimi işə götürürlər. İki il AzTV-də işıqçı kimi çalışır.
Diktorlar müsabiqəsi keçiriləndə proqram direktoru Tofiq Axundovun təklifi ilə o da müsabiqədə iştirak edir. Rus məktəbini bitirdiyindən Azərbaycan dilində səlis danışa bilmir, ona görə də özünə inamsız olur, müsabiqədən keçmir. İkinci müsabiqə bir il sonra olur. Bu dəfə uğur qazanır və sınaq müddətinə işə götürülür.
Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxuyur ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib deyirlər ki, "bu kimdir işə götürmüsünüz, onu ordan rədd edin!". Rafiq Hüseynovu o zaman AzTV-nin sədr müavini işləyən mərhum şair Nəbi Xəzri xilas edir, deyir, bu oğlanın gələcəyi var.
Mərkəzi Komitədən verilən o göstərişdən sonra 7 ay efirə buraxılmayan gənc Rafiq, ümidsizliyə qapılmır, əksinə, öz üzərində işləyərək yenidən etimad qazanır. Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışmağa nail olur.
Ömrünün çox hissəsini televiziyaya həsr edən Rafiq müəllimin həyatında ağrılı günləri çox olub. Bir övladını vaxtsız və faciəvi şəkildə itirib, ailəsi dağılıb, sonra yenidən evlənib, yenidən ayrılıb, uzun illər çalışdığı AzTV-dən uzaqlaşdırılıb.
Rafiq Hüsüeynov 4 dəfə ailə qurub, özünün etirafına görə, hələ başqa xanımlarla da eşq macəraları yaşayıb... Haqqında səsləndirilən "arvadbaz" ifadəsinə gülümsəməklə cavab verən Rafiq Hüseynov müsahibələrinin birində deyir:
"Mənim sevgililərim çox olub. Onlardan bəziləri ömürlük yadımda qalacaq. Sirr olaraq qalacaq... Sevmişəm, aşiq olmuşam, burda nə var ki? Bu məhəbbətdir, hər kəsin başını gələ bilər və gəlir də. Sevgi tükənəndən sonra o, münasibətləri uzatmağa dəyməz. Mən heç bir qadının qəlbini qırmamışam. Xanımlara hörmətlə yanaşmışam. Anlaşıb ayrılmışıq... Mən boşanmaqla o qadınlara da şans verirdim ki, gələcəkdə öz həyatlarını qura bilsinlər. Hamısı ilə indi də dostam. Aramızda heç bir narazılıq da yoxdur".
İşıqçı işlədiyi dövrdə diktor Roza Tağıyeva ilə tanış olur. Aralarında isti münasibət yaranır və onlar ailə qururlar. Bir-birlərini sevib ailə qursalar da, övlad acısı yaşayıb ayrılıblar. 1984-cü ildə onların 18 yaşlı oğlu Rövşən amansızcasına qətlə yetirilib...Cinayətkar onu öldürməklə kifayətlənməyib, meyitini doğrayaraq çamadana yığıb. Hadisə dəqiq necə olub, çamadanı hardan, kim tapıb, ata oğlunu bu vəziyyətdə necə görüb - bunlar sovet dövrünün arxivlərində qaldı.
Şayiələr çox idi: guya, uşağı Rafiq Hüseynovun oğulluğa götürdüyü adam qısqanclıqdan öldürüb, kimlərsə Roza Tağıyevanın əvvəlki evlilikdən olan oğlunu günahkar bilirdi... Amma məlum olan o idi ki, Azərbaycan Dövlət Universitetinin 18 yaşlı tələbəsini kimsə qisas zəminində öldürmüşdü. Amma nəyin, kimin qisası?
Bu fəlakət Rafiq Hüseynovla Roza xanımı birləşdirmədi, əksinə ayrıldılar. Hərə öz dərdini ayrılıqda çəkməyə üstünlük verdi.
Müsahibələrinin birində diktor deyir: "Mənə bu haqda danışmaq olduca ağırdır. Oğlumun yanımda olmasını istərdim. Müqəddəs kitablarda yazılıb ki, ölüm müvəqqəti ayrılıqdır. Mən hesab edirəm ki, bu həqiqətdir və biz nə vaxtsa bir yerdə olacağıq".
Rafiq Hüseynov 4-cü evliliyi Səbinə adlı tələbəsi ilə olub. Səbinə xanım diksiya dərsi almaq üçün Rafiq Hüseynova müraciət edir. Aralarındakı müəllim-tələbə ünsiyyəti bir müddət sonra sevgiyə çevrilir.
Özündən 30 yaş cavan tələbəsinə aşiq olan müəllimindən evlilik təklifi alanda Səbinə xanımın ailəsi buna qarşı çıxıb. Amma ailəsinin, qohumlarının etirazlarına baxmayan Səbinə xanım özündən Rafiq Hüseynovla evliliyə razı olur. Tale 55 yaşı olanda Rafiq Hüseynova bir qız övladı nəsib edir.
1990-cı ildən öz xahişiylə televiziyadan ayrılan Rafiq müəllim bunu o vaxt ölkədə gedən siyasi proseslərə qoşulmaq istəməməsiylə, televiziyadan yalan xəbərlər oxumaqdan qaçmasıyla bağlayır. Beləcə 15 il sevdiyi işindən ayrı qalmalı olur. Onun AzTV-yə qayıdışı 15 il sonra rəhbərliyin təklifi ilə baş tutub. R.Hüseynov yenidən AzTV-də aparıcılar üzrə bədii rəhbər kimi işə başlayıb. Həyat yoldaşı Səbinə xanım bu məsələ ilə bağlı deyir: "Rafiqə televiziyada vəzifə də vermək istəmişdilər. Amma Rafiq əqidəsinin əksinə getmədi. Ondan kimlərsə öz mənafelərinə görə istifadə etmək, televiziyanın oyunlarına cəlb etmək istədilər, o isə bundan imtina etdi, prinsiplərinə xəyanət etmədi. Bu, təxminən 91-ci ilə təsadüf edirdi. 1990-cı il 20 Yanvar hadisələrində isə o, daha ağır təhlükəylə üzləşmişdi. O vaxt Rafiqi öldürmək istəyirdilər. Veriliş zamanı Moskvadan göndərilən komendant ona mətn verib demişdi ki, məndə olan məlumata görə sən ölkədə müəyyən nüfuza sahibsən və insanlara təsir gücün var, buna görə də bu mətni oxumalısan. Rafiq isə mətni oxumaqdan imtina etmişdi, demişdi, mən bunu oxumayacam".
2016-cı ildə diktorda ağciyər xərçəngi aşkar olunur. Müxtəlif ağır terapiyalardan keçib, müalicə alsa da, Rafiq Hüseynov 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişir.
2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilir.
3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunur.
Həyat yoldaşı onun ölümündən sonra müsahibələrinin birində əfsanəvi diktoru belə xatırlayır: "Bir gün evə gəldi, məni otağa çağırdı və dedi ki, Səbinə, məndə xərçəng xəstəliyi var, mən öləcəm. Mən ona dedim ki, niyə ölürsən, indi gör neçənci əsrdir, səhiyyə inkişaf edib. Mən heç vaxt ona bədbin şeylər yükləmirdim, çalışırdım, ümidli olsun. Amma ürəyimdə bilirdim ki, vəziyyəti yaxşı deyil. Çox çətindir o günləri xatırlamaq. Son gününə qədər biz demək olar ki, vuruşurduq. Türkiyədən onu Bakıya gətirəndə pis olmuşdum. Özü mənə dedi ki, Səbinə, məni apar evə, Bakıya getmək istəyirəm. Bakıya gələndən sonra onun gözünə işıq gəldi, rahatlandı. Burda dostları, yaxınları yanına gəlib gedirdi. O, həmişə insanların arasında olub deyə, son günlərini də elə keçirmək istəyirdi".
11:32 - 24 Fevral 2024