Nizami rayonu, NZS qəsəbəsi, İlham Məmmədov küçəsində yüksək gərginlikli elektrik xəttində qəza baş verib. Bu hadisə ətrafda yaşayan sakinləri qorxuya salıb.
Titul.az bizim media-ya istinadla xəbər verir ki, elektrik xəttinin yaxınlığında ev və obyektlərin olması təhlükəni bir qədər də artırır.
Mövzuya münasibət bildirən ''Azərişıq'' ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu hadisənin iki gün əvvəl baş verdiyini xatırladıb.
Onun sözlərinə görə, sözügedən elektrik xətti 1951-ci ildə istifadəyə verilib və həmin vaxt orada tikili olmayıb.
Sakinlərin özləri də bu faktı təsdiq ediblər. Onlar evlərini ötən əsrin 90-cı illərində inşa etdiklərini bildiriblər.
"Azərişıq" ASC-dən əlavə edilib ki, Nazirlər Kabinetinin 103 saylı qərarına əsasən, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonası 30 metr nəzərdə tutulub. Bu məsafədə məskunlaşmaq, hansısa tikinti işi aparmaq qanunsuzdur və bu barədə hər il müxtəlif dövlət qurumlarına xəbərdarlıq xarakterli məktublar göndərilir. ''30 metrlik məsafə qəza hadisələri zamanı əraziyə müxtəlif texnikaların rahat şəkildə cəlb edilməsi, eləcə də insanların təhlükəsizliyinin təmin edilməsi üçündür. Ona görə də vətəndaşlar bu amili nəzərə almalı, belə yerlərdə məskunlaşmamalıdırlar. Çünki qəza halları zamanı məsuliyyət qeyri-qanuni tikinti aparanların üzərində qalır'', - deyə bildirilib.
01:23 - 20 Noyabr 2023