Kamil Zeynallı AZADLIĞA BURAXILDI

 Kamil Zeynallı AZADLIĞA BURAXILDI

Bu gecə Ermənistanın tələbi ilə Moskvadan Bakıya qayıdarkən Domodedovo aeroportunda saxlanılan Kamil Zeynallı sərbəst buraxılıb.

Titul.az xəbər verir ki, bu barədə Trend-ə etibarlı mənbələrdən bildirilib. Kamilin vəkili Ələkbər Qarayev isə onun bu gün Azərbaycana qayıdacağını deyib.

Qeyd edək ki, bu gecə Moskvadan Azərbaycana qayıdarkən azərbaycanlı idmançı Kamil Zeynallı Domodedovo aeroportunda Ermənistanın tələbi isə saxlanılmışdı. Sosial şəbəkələrdə Kamil Zeynallıya qarşı irəli sürülən ittihamın surəti paylaşılıb.

Sözügedən sənədə əsasən, ittihamda göstərilir ki, K.Zeynallı Ermənistanda CM-nin 149.1.1., 135.1.1., 135.6.1., 135.11.1., 140.2.2. və 147.1-ci maddələri ilə ittiham olunurdu.

Ermənistan Cinayət Məcəlləsinin sözügedən maddələri bunları əhatə edir:

135-ci maddə (İnsanlığa qarşı cinayətlər):

- 135.1.1. – qətl

- 135.6.1. – işgəncə

135.11.1. - insan sağlamlığına ciddi ziyan vuran və ya ağır iztirablara səbəb olan digər qeyri-insani əməllər.

CM-in 140-cı maddəsi (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər):

- 140.2.2. Beynəlxalq silahlı münaqişə və ya beynəlxalq olmayan silahlı münaqişə zamanı heç kəsi sağ qoymamaq barədə əmr vermək və ya belə bir əmrlə hədələmək.

147.1

- Muzdlu cəlb etmək, muzdluların təlim düşərgəsini təşkil etmək, muzdlu kimi fəaliyyət göstərmək üzrə bacarıqları öyrətmək və ya öyrənmək, muzdluları maliyyələşdirmək, silahlı münaqişə və ya hərbi əməliyyatlarda muzdlulardan istifadə etmək, yaxud silahlı münaqişə və ya döyüş əməliyyatlarında və ya razılaşdırılmış zorakılıq aktlarında muzdlu kimi iştirak etmək.

Maddə 149 (Təcavüz)

- 149.1. 1. Dövlətin siyasi və ya hərbi əməliyyatlarına faktiki rəhbərlik edən və ya onlara nəzarət edən və ya istiqamətləndirən şəxs tərəfindən təcavüzün planlaşdırılması, hazırlanması, təşəbbüsü və ya həyata keçirilməsi.

Xatırladaq ki, Kamil Zeynallı Moskvada saxlanılması barədə “Instagram” hesabında məlumat verib. K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını bildirmişdi. O qeyd edib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini söyləmişdi.

15:34 - 21 Fevral 2024

Xəbər lenti