Bakıda mağazada 33 yaşlı kişi öldürülüb.
Titul.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nizami Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, bu gün saat 11 radələrində paytaxtın Nizami rayonu, "Koroğlu" metrostansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək, qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Daxili İşlər Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, bu gün saat 10:30 radələrində paytaxtın Nizami rayonunda küçələrin birində 1991-cı il təvəllüdlü Məmmədov Nurlan Kərəm oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. C.Hüseynov Əhməd Balaəli oğlu könüllü polisə gələrək, cinayət hadisəsini onun törətdiyini bildirib. İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
13:35 - 24 Yanvar 2024