Şirvan Apellyasiya Məhkəməsində Biləsuvar rayonunda xuliqanlıqda təqsirləndirilən Namiq Əsədovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Titul.az pravda.az-a istinadən xəbər verir ki, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi hökmün ləğv edilməsini və müvəkkilinə bəraət verilməsini xahiş edib.
Müdafiəçi apellyasiya şikayətində qeyd edib ki, Namiq Əsədovun və zərərçəkmişin birinci instansiya məhkəməsində verdiyi ifadələr saxtalaşdırılıb. Dövlət ittihamçısı vəsatət verərək, cinayət işində məhkəmə iclasının audioyazısının olmadığını bildirib və bu qərar çıxarılmasını kollegiyadan xahiş edib.
Qərara əsasən, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilib. Təqsirləndirilən şəxsin hazırlıq iclasının qərarı ləğv edilib və cinayət işi birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılıb.
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Namiq Əsədov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 25 dekabr 2022-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən şadlıq saraylarından birində keçirilən toy məclisində qeydə alınıb.
Belə ki, toy məclisi zamanı zərərçəkmiş Habil Məmmədov (şərti) Namiq Əsədovun bəy-gəlin masasına yaxınlaşaraq toyda bir nəfər şəxsin içkili vəziyyətdə nalayiq ifadələr işlətməsinə irad bildirib. Bu zaman bəylə zərərçəkmiş arasında mübahisə yaranıb. Daha sonra Namiq ona nalayiq sözlər işlədib, məclisdə səs-küy salıb, mübahisə edərək dalaşıb. Dava nəticəsində o, Habilin baş nahiyəsindən yumruqla bir neçə dəfə vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra Namiq Əsədov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.
12:17 - 7 Noyabr 2023