Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Mərkəzi Bakı ərazisində nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaq məqsədilə Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur.
Yeni universitet şəhərciyində özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı, tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri təmin ediləcək.
Bəs universitet şəhərciklərinin yaradılması təhsilə necə təsir göstərəcək? İlkin mərhələdə hansı universitetlər şəhər kənarına köçürülə bilər?
Titul.az xəbər verir ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, təhsil xidmətlərinə şəhərin bütün ərazilərində əlçatanlığın təmin edilməsi məqsədilə bu xidmətləri göstərən təhsil müəssisələrinin mərhələlərlə Baş plana uyğun olaraq bu məqsədlər üçün müəyyən edilmiş ərazilərdə yerləşdirilməsi həyata keçiriləcək.
"Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli qərarı ilə "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiq edilib. Baş plan özündə şəhərin bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. Bu məqsədlə şəhərin ərazi inkişafının istiqamətlərini müəyyən edəcək şəhər mərkəzləri sisteminin yaradılması təklif olunur. Əsas məqsəd bütün şəhər ərazisində hər bir sakin üçün bərabər imkanları və xidmət standartlarını təqdim etməkdir. Baş planda təhsil xidmətləri də şəhər xidmətlərinin bir növü kimi təsnifləşdirilib.
Təhsil xidmətlərinin əlçatanlığı nəticə etibarı ilə ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək", - deyə əlavə edilib.
Trend-in suallarını cavablayan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, Bakı şəhərinin Baş planının yeni variantda təsdiq olunması və Bakı ətrafında universitet şəhərciklərinin və bilik mərkəzlərinin yaradılması ölkəmizin iqtisadi və davamlı inkişafı ilə birbaşa bağlıdır.
"Universitetlərin böyük əksəriyyəti paytaxtda şəhərin mərkəzində yerləşib. Bu gün həmin universitetlərin mərkəzdə yerləşməsi yeni kampusların salınması, binaların tikilməsi problemlərini yaradır. Ərazi olmadığından universitet üçün yeni binalar tikilə bilmir. Universitet əraziləri geniş olmalıdır. Dünyanın bir çox yerində universitet şəhərciyi ayrıca bir şəhər kimi olur. Binalar, yataqxanalar həmin ərazidə yerləşir. Bəzən bizim universitetlərdə kütləvi tədbirlər keçirmək üçün ərazi olmur. Hətta təcrübə mərkəzləri üçün belə ərazi yoxdur.
Bu məsələlər universitetin inkişafdan geri qalmasına gətirib çıxarır. Baş planda Bakının ətraf ərazilərində universitet şəhərciklərinin yaradılması inkişafa yol aça bilər. Mən deməzdim ki, bütün universitetləri paytaxt ərazisindən çıxarmağa ehtiyac olacaq. Məsələn, ADA Universitetinin kampusu artıq formalaşıb. Artıq tıxac məsələsini də həll etmək olar. Bu tıxacın yaranmasında universitetlərin böyük rolu var. Universitet şəhərcikləri salınsa, Bakının kompleks inkişafı üçün şərait yaranacaq", - deyə o bildirib.
18:43 - 18 Yanvar 2024