Bəzən vətəndaşlar əməkhaqlarından pul tutulduğu üçün narazılıq edir.
Məsələn, banka borcu olanlar və borcu birdəfəlik ödəyə bilməyənlərin maaşından pul tutula bilir. Yaxud aliment ödənişinin alınması üçün belə hallar müşahidə olunur.
Ümumiyyətlə, başqa hansı hallarda əməkhaqqından pul tutula bilər?
Titul.az xəbər verir ki, məsələ ilə bağlı sfera.az-a açıqlama verən vəkil Vamiq Şükürov deyib ki, bunun üçün ilk növbədə məhkəmə qətnaməsi olmalıdır:
“Bundan sonra qətnaməni icra edən məmur işlədiyiniz yerə sərəncam göndərir və pulun tutulmasını tələb edir. Belə hallarda borc məbləği qurtaranadək əməkhaqqından tutulma həyata keçirilir. İkinci halda isə şəxsin razılığı olmadan vergilər və sosial sığorta haqları əməkhaqqından tutulur. Həmçinin, iş yerinə ziyan vurmusunuzsa, bu, bir aylıq əməkhaqqının məbləğindən artıq deyilsə, maaşdan pul tutulması mümkündür”.
Vəkilin sözlərinə görə, digər hallardan biri də ezamiyyətlə əlaqəlidir: “Məsələn, iş yerindən verilmiş tapşırığın icrası üçün kənara getmisiniz, amma ezamiyyət pulundan qalmış məbləği də xərcləyirsiniz. Belə olan halda, qanunla əməkhaqqından tutulmaya icazə verilir. Lakin maaşın az və ya çox olmasından asılı olmayaraq, 50 faizindən artıq pul tutula bilməz. Aliment ödənişləri üçün isə 70 %-dək məbləğdə tutulmaya yol verilir”.
17:31 - 18 Yanvar 2024